Bakı. Trend:
“S&P Global” reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə razılaşmanın yekun mərhələyə çatmasından sonra Özbəkistanın “Davr-Bank”ının reytinqinin yüksələ biləcəyini gözləyir.
Bu barədə Trend reytinq agentliyinə istinadən məlumat verib.
“2026-cı il mayın 8-də Azərbaycan Beynəlxalq Bankı “Davr-Bank”ın nizamnamə kapitalının 51 faizini əldə etmək niyyətini açıqlayıb. Razılaşma əldə olunandan sonra “Davr-Bank”ın reytinqlərinin ABB Qrupunun dəstəyindən faydalanacağını gözləyirik.
Bununla əlaqədar olaraq, “Davr-Bank”ın emitentin uzunmüddətli kredit reytinqi “B” səviyyəsində müsbət proqnozla “CreditWatch” siyahısına daxil edilib. Eyni zamanda, bankın qısamüddətli reytinqi “B” səviyyəsində təsdiqlənib. Razılaşma bağlandıqdan sonra reytinqin “CreditWatch” siyahısından çıxarılacağını gözləyirik ki, bu da 2026-cı ilin ikinci yarısında tələb olunan tənzimləyici təsdiqlərin alınmasından asılıdır”, - deyə “S&P Global” bildirib.
Reytinq agentliyinin analitikləri gözləyirlər ki, “Davr-Bank” ABB Qrupunun tərkibinə daxil olacaq və birləşmiş qrup “Davr-Bank”ın müstəqil kredit profilinə nisbətən daha yüksək kredit qabiliyyətinə malik olacaq.
"Razılaşmanın bağlanmasından sonra "Davr-Bank"ı ABB-nin əhəmiyyətli törəmə şirkəti və qrupun uzunmüddətli strategiyasının vacib bir hissəsi kimi hesab edə bilərik. Bu, “Davr-Bank”ın reytinqinin bir pillə yüksəlməsinə səbəb ola bilər. “Davr-Bank” ABB Qrupunun ümumi aktivləri və kapitalının 10–11 faizini təşkil edəcək.
""Davr-Bank"ın öz kapitalının rentabelliyi son bir neçə il ərzində davamlı olaraq 35%-dən yuxarı olub (2025-ci ildə 35,6%). Biz gözləyirik ki, yaxın üç il ərzində bu göstərici yüksək səviyyədə - 20–25%-dən yuxarı səviyyədə qalacaq. Razılaşma ABB-nin beynəlxalq genişlənməni və regional oyunçu kimi mövqeyinin gücləndirilməsini nəzərdə tutan uzunmüddətli strategiyasına uyğundur. Razılaşma əldə olunduqdan sonra bankın adı "ABB Davr-Bank" olaraq dəyişdiriləcək və ana strukturun brendindən istifadə edəcək. Lakin iki təşkilat arasında inteqrasiya dərəcəsi hələ də qiymətləndirilməlidir", - deyə bildirilib.
Reytinq agentliyi "Davr-Bank"ın kapitallaşmasının davamlı səviyyədə qalacağını gözləyir.
"Riskə uyğunlaşdırılmış kapital (RAC) nisbəti 2024-cü ildəki 9,5%-dən 2025-ci ildə 10,9%-ə yüksəlib. Güclü gəlirlilik və xalis gəlirin kapitallaşmaya tam ayrılması ilə dəstəklənən RAC nisbətinin növbəti 12-18 ay ərzində 10,0-10,3% diapazonunda qalacağını gözləyirik. Proqnozumuz bankın kredit portfelində gözlənilən 30-35% artıma əsaslanır.
Həmçinin, yüksək faiz dərəcələri və bankın daha yüksək gəlirli pərakəndə və kiçik və orta ölçülü biznes kreditlərinə genişlənməsi ilə əlaqədar olaraq, "Davr-Bank"ın xalis faiz marjasının 10,0–10,3% səviyyəsində yüksək qalacağını proqnozlaşdırırıq", - deyə "S&P" analitikləri bildiriblər.
Reytinq agentliyinin baza ssenarisinə əsasən, 2026–2027-ci illərdə bank razılaşmanın maliyyələşdirilməsi üçün əlavə səhm emissiyası həyata keçirməyəcək və səhmdarlar tərəfindən kapital inyeksiyası da gözlənilmir.
