Bakı.Trend:
Azərbaycan və UN-Habitat Ümumdünya Şəhərsalma Forumunun gələcək təşkilatçıları üçün rəhbəredici sənəd hazırlayacaq.
Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün açılışına həsr olunmuş rəsmi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, WUF13-ün ilk günündə forumu 21,108 nəfər ziyarət edib. Forumun mühüm hissələrindən biri milli hökumətləri, şəhər administrasiyalarını, beynəlxalq təşkilatları, akademik dairələri, innovatorları və özəl sektor nümayəndələrini praktik həllər və tərəfdaşlıqları nümayiş etdirmək üçün bir araya gətirən "Urban Expo" sərgisi olub.
O bildirib ki, sərginin ümumi sahəsi təxminən 35 min kvadratmetrdir və bunun yarısı ekspozisiya məkanının payına düşür.
“ "Urban Expo"da 85 ölkədən 260 təşkilat iştirak edir. Onlar 122 stend və pavilyonda təmsil olunurlar. Sərgi iştirakçıları arasında akademik və tədqiqat müəssisələri sahəsindən 15 təşkilat, vətəndaş cəmiyyətinin 136 nümayəndəsi, 14 startap daxil olmaqla özəl sektorun 44 şirkəti, həmçinin 41 milli pavilyon, dövlət sektorundan 10 şirkət və yerli və regional idarəetmə orqanlarının altı nümayəndəsi yer alır”, – deyə o bildirib.
O vurğulayıb ki, sahəsi 1,500 kvadratmetr olan Azərbaycan pavilyonu ölkənin mədəni irsini, şəhər inkişafı yolunu, turizm potensialını, eləcə də Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa layihələrini nümayiş etdirir.
Onun sözlərinə görə, pavilyon “İnsanlarla birlikdə baxışdan fəaliyyətə” konsepsiyası əsasında təşkil olunub və Azərbaycanın şəhər transformasiyası yolunu əks etdirir.
A.Quliyev bildirib ki, WUF13 forum başa çatdıqdan sonra da mühüm irs qoyacaq.
O qeyd edib ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış “Bakı standartları” əsasında UN-Habitat ilə birlikdə Ümumdünya Şəhərsalma Forumunun gələcək təşkilatçıları üçün rəhbəredici sənədin hazırlanması planlaşdırılır.
