Bakı. Trend:
Biz fəlakətlərin idarə olunması məsələləri üzərində daha ciddi işləməliyik. Təkcə fəlakət baş verdikdən sonra müdaxilə etmək kifayət deyil. Əsas diqqət fəlakətlərin qarşısının alınmasına yönəlməlidir.
Trend xəbər verir ki, bunu Pakistan Gənclər Təşkilatının təsisçisi və prezidenti Sana Ullah Rathore Qlobal Cənub QHT Platformasının WUF13 çərçivəsində keçirdiyi “İnklüziv şəhər davamlılığının təmini, fəlakət riskinin azaldılması və davamlı tullantıların idarə edilməsinin irəlilədilməsi” mövzusunda panel sessiya deyib.
O bildirib ki, hava keyfiyyəti indeksi, daşqınlar, güclü leysanlar və digər bu kimi problemlərin qarşısını almaq üzərində əvvəlcədən işləmək lazımdır:
“Yəni fəlakət baş verdikdən sonra deyil, daha öncədən preventiv tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə hökumətlər və vətəndaş cəmiyyəti təşkilatları birlikdə fəaliyyət göstərməlidirlər. Hər iki tərəf paralel şəkildə həm fəlakətlərə hazırlıq planları hazırlamalı, həm də fəlakətlərin idarə olunması sahəsində əməkdaşlıq etməlidir”.
Onun sözlərinə görə, digər vacib məsələ karbon emissiyalarının azaldılmasıdır:
“Bunun üçün bərpa olunan enerji sahəsinə daha çox diqqət yetirilməlidir. Bizim təşkilat da Pakistandakı şəhərlərimizdə dayanıqlı yaşayışı dəstəkləmək məqsədilə müxtəlif günəş enerjisi layihələri həyata keçirib. Dayanıqlı və davamlı şəhərlər qurmaq üçün hökumətlər və vətəndaş cəmiyyəti təşkilatları birlikdə çalışmalıdır”.
Sana Ullah Rathore tövsiyə edib ki, gənclər müxtəlif fəaliyyət istiqamətlərinə daha fəal şəkildə cəlb olunsunlar:
“İqlim dəyişikliyi probleminin həlli üçün gənclərə imkan yaradılmalıdır. Onlara müxtəlif tədbirlərdə iştirak etmək, öz ölkələrində və icmalarında kiçik yerli layihələr həyata keçirmək imkanı verilməlidir. Bu da daha dayanıqlı şəhərlərin formalaşmasına töhfə verə bilər”.
