Bakı. Trend:
Gənclər şəhərlərin planlaşdırılması və idarə olunmasında iştirak etməlidirlər.
Trend xəbər verir ki, bunu UN-Habitat-ın Gənclər Məşvərət Şurasının üzvü və “Dayanıqlı Afrika naminə Gənc Afrikalılar” təşkilatının icraçı direktoru Conatan Riki WUF13 çərçivəsində assambleyaların birgə bağlanışı zamanı deyib.
“Biz uşaqların və gənclərin şəhər planlaşdırılması, mənzil siyasətinin hazırlanması və şəhər idarəçiliyində institusional əsasda və yetərli maliyyə təminatlı iştirakına çağırırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, gənclərin iştirakı tamhüquqlu olmalı və layihələndirmədən icraya qədər bütün mərhələləri əhatə etməlidir, qərarlar qəbul edildikdən sonra keçirilən məşvərət tipli görüşlərlə məhdudlaşmamalıdır.
Riki qeyd edib ki, gənclər və uşaqlarla bağlı təşəbbüslər şəhər siyasətinə inteqrasiya edilməli, gənclərin həyata keçirdiyi innovasiyalar isə dayanıqlı və proqnozlaşdırılan maliyyə dəstəyi ilə milli və beynəlxalq səviyyədə genişləndirilməlidir.
“Mənzil və şəhər infrastrukturu nəqliyyat, təhsil, səhiyyə, təhlükəsiz ictimai məkanlar və sosial xidmətlərlə əlaqələndirilməlidir. Yalnız belə yanaşma zamanı şəhərlər həqiqətən yaşayış üçün əlverişli olacaq”, – deyə o əlavə edib.
O həmçinin vurğulayıb ki, uşaqların və gənclərin şəhər idarəçiliyində iştirakı Yeni Qlobal Şəhər Gündəliyinin prinsiplərinin həyata keçirilməsi və urbanistik mühitin dayanıqlı inkişafına nail olunmasının mühüm elementidir.
