Mənzil məsələsi qlobal şəhər gündəliyinin prioriteti olmalıdır - Konya valisi

İqtisadiyyat Materials 18 May 2026 10:54 (UTC +04:00)
Mənzil məsələsi qlobal şəhər gündəliyinin prioriteti olmalıdır - Konya valisi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Mənzil məsələsi qlobal şəhər gündəliyinin mərkəzində dayanmalıdır, çünki o, insan ləyaqətinin, sosial harmoniyanın və dayanıqlı inkişafın özəyini təşkil edir.

Trend xəbər verir ki, bunu Türkiyənin Konya vilayətinin valisi Uğur İbrahim Altay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə bağlanış mərasimində deyib.

“Bu gün biz şəhərlərimizin və regionlarımızın gələcəyinin insanı, insan ləyaqətini və ədaləti qlobal şəhər gündəliyinin mərkəzinə qoymaq bacarığımızdan asılı olduğu barədə ortaq anlayışla hərəkət edirik”,- deyə o vurğulayıb.

Altay qeyd edib ki, Bakıdakı forum təkcə merləri və regional liderləri deyil, həm də milli hökumətlərin nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyətini bir araya gətirib.

“Biz Ümumdünya Şəhərsalma Forumunu çoxtərəfli əməkdaşlıq üçün yenilənmiş platforma kimi görürük”, – deyə o bildirib.

Merin sözlərinə görə, layiqli mənzil insan hüquqlarının prioritetidir. Mənzilə yalnız iqtisadi aktiv kimi deyil, insanların gündəlik həyatına birbaşa təsir göstərən sosial və ekoloji funksiya kimi də yanaşılmalıdır.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti