Bakı. Trend:
Zambiya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təcrübəsini tətbiq edə bilər.
Bunu Zambiyanın şəhər planlaşdırıcısı Misozi Piribanda Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, forum onun üçün böyük təcrübə olub və müxtəlif ölkələrdən olan iştirakçılarla fikir mübadiləsi aparmaq baxımından mühüm platforma rolunu oynayıb:
“Bu şəhərsalma forumu mənim üçün çox böyük təcrübədir. Burada müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq imkanı yaranır".
Misozi Piribanda forumun təşkilatçılığını yüksək qiymətləndirərək tədbirin hazırlanmasına ciddi əmək sərf olunduğunu qeyd edib. Onun sözlərinə görə, müzakirə edilən mövzular əsasən inkişaf etməkdə olan ölkələr üçün aktual və praktik xarakter daşıyır və bu da iştirakçılara həm öyrənmək, həm də təcrübə paylaşmaq imkanı yaradır.
O həmçinin Azərbaycanın şəhərsalma təcrübəsindən təsirləndiyini bildirib:
“Bakıda tarixiliklə müasirliyin bir arada olduğunu görmək mümkündür. Bəzi ərazilərdə keçmişdə qeyri-planlı tikililər olub, lakin sonradan onların inkişaf etdirildiyini və yenidən qurulduğunu müşahidə etmək olur. Bu, bizim kimi inkişaf etməkdə olan ölkələr üçün çox yaxşı bir nümunədir”.
O, sonda qeyd edib ki, forum və ümumilikdə təşkilatçılıqdan məmnundur və bu təcrübəni ölkəsinə aparacaq.
