WUF13 Azərbaycanın dayanıqlı şəhərsalma sahəsindəki prioritetlərini nümayiş etdirir - Anar Quliyev

Gündəm Materials 18 May 2026 09:32 (UTC +04:00)
WUF13 Azərbaycanın dayanıqlı şəhərsalma sahəsindəki prioritetlərini nümayiş etdirir - Anar Quliyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycanla yanaşı, qlobal şəhərsalma ictimaiyyəti üçün də mühüm hadisədir.

Trend xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun ikinci günü çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında deyib.

O bildirib ki, Bakı hökumət nümayəndələrini, merləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, qadınları, özəl sektoru və yerli icmaları bir araya gətirərək daha yaxşı şəhər gələcəyinin formalaşdırılması istiqamətində qlobal platformaya çevrilir.

Anar Quliyev qeyd edib ki, Azərbaycanın WUF13-ə aparan yolu uzun illər əvvəl başlayıb. Onun sözlərinə görə, 2021-ci ildən etibarən ölkədə milli şəhərsalma forumları təşkil olunur və bu platformalar dayanıqlı şəhər inkişafı ilə bağlı geniş dialoqun qurulmasına şərait yaradıb.

“Bu forumlar milli koordinasiyanın gücləndirilməsinə, prioritetlərin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə və siyasətlərin Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasına imkan verib. Ən vacibi isə inklüziv şəhərsalma dialoqu mədəniyyəti formalaşıb”, – deyə o vurğulayıb.

Komitə sədri bildirib ki, milli şəhərsalma forumları Azərbaycanın WUF13-ə ev sahibliyi yolunda əsas təməllərdən biri olub və ölkənin urbanizasiya, çoxtərəfli əməkdaşlıq və praktik icra sahəsindəki öhdəliklərini nümayiş etdirib.

O qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycana göstərdiyi etimadın ifadəsidir.

Anar Quliyev vurğulayıb ki, Azərbaycan hazırda şəhərlərin modernləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi, ictimai xidmətlərin yaxşılaşdırılması, əlçatan mənzil təminatı, iqlim dayanıqlığının gücləndirilməsi və ağıllı, inklüziv icmaların qurulması istiqamətində genişmiqyaslı transformasiya prosesləri həyata keçirir.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri dövrün ən böyük layihələrindən biridir.
“Bir zamanlar dağıdılmış şəhər və kəndlər dayanıqlılıq, ağıllı şəhərsalma, yaşıl inkişaf və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur. Bu, sadəcə bərpa prosesi deyil, yeni şəhərsalma modelinin yaradılmasıdır”, – deyə o bildirib.

Anar Quliyev qeyd edib ki, WUF13 Azərbaycana öz təcrübəsini bölüşmək və digər ölkələrin təcrübəsindən faydalanmaq imkanı yaradır.

Onun sözlərinə görə, mayın 17-dək forumda iştirak üçün 182 ölkədən ümumilikdə 42 367 nəfər qeydiyyatdan keçib. Forumun ilk günü isə iştirakçı sayı 21 108 nəfər təşkil edib.

Komitə sədri əlavə edib ki, forum çərçivəsində təşkil olunan "Urban Expo" sərgisi milli hökumətləri, şəhər administrasiyalarını, beynəlxalq təşkilatları, akademik dairələri, innovatorları və özəl sektor nümayəndələrini bir araya gətirərək onların nailiyyətlərini nümayiş etdirməsinə imkan yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti