Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) qlobal səviyyədə şəhərsalma və planlaşdırma sahəsində təcrübə mübadiləsinə imkan yaradır və bu platforma çox vacib əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bunu Mali Respublikasının paytaxtı Bamako şəhərinin Böyükşəhər İdarəsinin prezidenti yanında texniki müşavir, memar, şəhərsalma eksperti nəqliyyat iqtisadçısı və ətraf mühit mütəxəssisi Ousman Sou Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu il forumu yüksək səviyyədə təşkil edib və gördüyü mənzərə onu məmnun edib.
Ousman Sou qeyd edib ki, Bakı WUF13-ün təşkilatçılığı, qonaqpərvərlik və könüllülərin fəaliyyəti baxımından indiyədək iştirak etdiyi forumlar arasında ən yüksək səviyyəyə yaxın tədbirlərdən biridir.
Onun sözlərinə görə, WUF bütün regionların – Afrika, Asiya və Amerika qitələrinin şəhərsalma təcrübələrini bir araya gətirən yeganə qlobal platformadır.
Malili ekspert vurğulayıb ki, forumun mütəmadi olaraq iki ildən bir keçirilməsi şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsinin davamlılığını təmin edir.
