Bakı. Trend:
WUF13 müxtəlif ölkələrdən və fərqli şəhərlərdən olan nümayəndələrin iştirakı ilə su qıtlığı və su ehtiyatlarının düzgün idarə olunmaması məsələlərinə həsr olunub.
Trend xəbər verir ki, Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Baş katib bildirib ki, tədbirdə müxtəlif ölkələrdən - Pakistan, Livan, Nigeriya və Omanı təmsil edən panelistlər iştirak ediblər:
“Panel müzakirələri zamanı gələcəyin dayanıqlı şəhərlərinin formalaşdırılması üçün su ehtiyatlarının necə idarə edilməli olduğu barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda, su ehtiyatlarının düzgün idarə edilməməsinin xüsusilə qadınlara və gənclərə təsiri məsələsinə toxunuldu”.
F. Kərimli vurğulayıb ki, çıxışçılar həmçinin gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu qeyd ediblər:
“Panel iştirakçılarının Qarabağa səfəri də baş tutub. Onlar Ağalı kəndində — “ağıllı kənd” layihəsi ilə tanış olublar və orada gələcəyin şəhərlərinin necə qurulmalı olduğu ilə bağlı müsbət fikirlər səsləndiriblər.
Çıxışçılar bu cür layihələrin həyata keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Tədbirdə vurğulanıb ki, xüsusilə “smart city” istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların tərəfdaşları Azərbaycanın bu təcrübəsini öz ölkələrində tətbiq etməyə çalışacaqlar”.
