Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yalnız müzakirələr üçün deyil, həm də insanların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin görülməsi üçün platformaya çevrilməlidir.
Trend xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakıda jurnalistlərə UN-Habitat Assambleyasının sədri Nqa Kor Minq deyib.
Onun sözlərinə görə, urbanizasiya proseslərinin mərkəzində insanın və ətraf mühitin rifahı dayanmalıdır.
“Yaxşı şəhər insanların xoşbəxt yaşadığı, özlərini təhlükəsizlikdə və qorunmuş hiss etdiyi şəhərdir. Müasir binalarla yanaşı iztirablar və yoxsulluq içində yaşayan insanlar qalırsa, urbanizasiya öz mənasını itirir”, – deyə o qeyd edib.
Nqa Kor Minq vurğulayıb ki, WUF13 dayanıqlı şəhər inkişafı sahəsində birgə həllərin hazırlanması məqsədilə aparıcı mütəxəssisləri və dövlət nümayəndələrini bir araya gətirir.
O, həmçinin əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret fəaliyyət planını nəzərdə tutmalı və ölçülə bilən nəticələr təmin etməli olan “Bakı fəaliyyətə çağırışı”nın hazırlanmasının vacibliyini qeyd edib.
UN-Habitat Assambleyasının sədri xatırladıb ki, bu il Yeni Şəhər Gündəliyinin (New Urban Agenda) qəbul edilməsinin 10 ili tamam olur.
“Bu, bütün dünya və planetimiz üçün nəzərdə tutulmuş 20 illik plandır. Hazırda biz onun yarısına çatmışıq və 2036-cı ilə qədər qarşıya qoyulan məqsədlərin icrasını təmin etməliyik”, – deyə o bildirib.
Nqa Kor Minqin sözlərinə görə, əsas vəzifə urbanizasiyanın gələcəyinə dair ümumi baxışın irəlilədilməsi üçün üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsi və konsensusun əldə olunmasıdır.
