Bakı. Trend:
Azərbaycan şirkətləri və investorları ilə işləməyə hazırıq.
Bunu Özbəkistanın “Samarkand Invest” şirkətinin rəhbəri Feyruz Əbilov WUF13 çərçivəsində Trend-ə deyib.
“Bu gün insanın rahat yaşayışı üçün əlverişli şəraitin yaradılması tikinti və şəhərsalma sahəsində ən vacib vəzifələrdən biridir. Buna görə də belə forumlar zəruridir və mütəmadi olaraq keçirilməlidir”, - deyə o qeyd edib.
Əbilov həmçinin tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə, Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
“Forumun möhtəşəm təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Şəhərdə çox rahat nəqliyyat infrastrukturu var, insanlar mehribandır. Qonaqları qarşılayan və hər zaman köməyə hazır olan könüllülərə xüsusi təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil olunub, burada olmaq mənə çox xoşdur”, - deyə o bildirib.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıqdan danışan Əbilov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
“Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlər çox yüksək səviyyədədir. Biz dünyanın hər yerindən, o cümlədən Azərbaycandan olan şirkət və investorlarla işləməyə hər zaman hazırıq. Artıq həm Özbəkistanda, həm də Azərbaycanda fəaliyyət göstərən şirkətlər var və əminəm ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf edəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
