Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) meydançasında Qırğızıstan ölkənin müxtəlif regionlarında həyata keçirilən şəhərsalma, turizm və infrastruktur sahələri üzrə bir sıra iri layihələri təqdim edib.
Bu barədə Qırğızıstan Respublikasının Tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə özəl müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qırğızıstan pavilyonunda İssık-Qul vilayətində, Bişkekdə və ölkənin digər yaşayış məntəqələrində həyata keçirilən layihələr təqdim olunur.
“Layihələr əsasən Tamçı azad maliyyə-iqtisadi zonasında yerləşir. Bu, respublikamızın turizm sektorunun inkişafına yeni təkan verəcək”, -deyə N.Oruntayev vurğulayıb.
Nazir əlavə edib ki, Qırğızıstan qış turizmi sahəsində də iri layihələri fəal şəkildə həyata keçirir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
