Bu gün Keniyada Afrika qitəsinin ən böyük mənzil proqramı həyata keçirilir - Uillyam Samoei Ruto

Siyasət Materials 18 May 2026 15:24 (UTC +04:00)
Bu gün Keniyada Afrika qitəsinin ən böyük mənzil proqramı həyata keçirilir - Uillyam Samoei Ruto
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün biz burada, bu möhtəşəm ölkədə, Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumuna toplaşmışıq və mən bizə göstərilən qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm.

Trend xəbər verir ki, bunu Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Keniya lideri qeyd edib ki, bu forum son dərəcə mühüm əhəmiyyət daşıyır:

"Çünki demək olar ki, hər bir ölkədə mənzil problemi mövcuddur. Statistik göstəricilər onu deməyə əsas verir ki, 3 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır, 1 milyard insan gecəqondularda məskunlaşıb, 300 milyon insan isə evsizdir. Bunlar sadəcə soyuq statistika deyil. Bunlar sadəcə rəqəmlər deyil. Bunlar insanlardır. Bunlar ailələrdir. Bunlar uşaqlardır. Məhz buna görə də böyük tarixə malik bu möhtəşəm şəhərdə keçirilən bu görüş mühüm əhəmiyyət daşıyır”.

U.S. Ruto vurğulayıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində mənzilin hüquq olduğu təsbit edilib. Lakin bu gün dünyada ciddi mənzil problemi yaşandığı üçün İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində təsbit olunan həmin hüquq faktiki olaraq zədələnib:

“Keniyada 1100 qeyri-rəsmi yaşayış məntəqəsi var. 7 milyon insan bu qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Nəticədə biz belə qərara gəldik ki, bu vəziyyət davam etdirilə bilməz və düzgün deyil. Buna görə də mənzil proqramını inkişaf proqramımızın əsas sütunlarından birinə çevirdik. Üç istiqamətdə addım atdıq.
Birincisi, mənzil tikintisi üçün ən böyük maneə torpaq əlçatanlığı idi. İkincisi, tikinti xərcləri idi. Üçüncüsü isə mənzillərin maliyyələşdirilməsi məsələsi idi”.

Keniya prezidenti qeyd edib ki, ölkəsində son üç ildə 273 min mənzil tikilib, 8 min ailəyə açar təqdim olunub: "Bu ilin sonuna qədər daha 55 min ailəyə mənzil açarları veriləcək. Hazırda isə 700 min mənzildən ibarət layihə portfelimiz mövcuddur. Əminliklə deyə bilərəm ki, bu gün Keniyada Afrika qitəsinin ən böyük mənzil proqramı həyata keçirilir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti