Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərlərin gələcəyinə dair ümumi baxışın formalaşdırılması üçün platformaya çevrilib.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.
“Forum qlobal şəhər siyasətinin təşviqi, tərəfdaşlıqların gücləndirilməsi, Yeni Şəhər İnkişaf Proqramının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün mühüm platformadır”, - deyə o bildirib.
Onun sözlərinə görə, forumun Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafına, şəhər və yaşayış məntəqələrinin bərpası və urbanizasiyasına, həmçinin dialoq və tərəfdaşlıqlar vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqliyini əks etdirir.
Anar Quliyev qeyd edib ki, WUF13 şəhərlərin iqlim dəyişikliyi, mənzil əlçatanlığı, miqrasiya, infrastrukturun dayanıqlılığı və sosial həmrəylik kimi qlobal çağırışların mərkəzində olduğu bir dövrdə keçirilir.
“Hazırki forum tarixi hadisə ilə əlamətdardır: ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycanın təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi liderlər sessiyası təşkil olunub.
Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ümumi baxışın formalaşdırılması və Yeni Şəhər İnkişaf Proqramının həyata keçirilməsinə qlobal sadiqliyin təsdiqlənməsi üçün unikal imkan yaradır”, - deyə o vurğulayıb.
