Bakı.Trend:
Mənzil yalnız sosial və ya iqtisadi siyasətin bir hissəsi olaraq qalmamalı, cəmiyyətlərin gələcəyinin siyasətinə çevrilməlidir.
Trend xəbər verir ki, bunu Bolqarıstan Prezidenti İliyana Yotova WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
Onun sözlərinə görə, mənzil əlçatanlığı yalnız bazar məsələsi deyil, həm də bir ədalət məsələsidir.
“Mənzil əmtəə deyil, hər şeyin başlanğıcıdır. Onsuz sabit iş, uşaqların təhsili, səhiyyəyə çıxış və insanın cəmiyyətin həyatında tamdəyərli iştirakı mümkün deyil”, – deyə o vurğulayıb.
İliyana Yotova qeyd edib ki, müasir dünya genişmiqyaslı mənzil böhranı ilə üz-üzədir: milyardlarla insan layiqli şərait olmadan yaşayır, bir milyarddan çox insan isə qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb.
Onun sözlərinə görə, qlobal tələbatın onilliyin sonunadək ödənilməsi üçün sözün əsl mənasında hər saniyə yeni mənzillər tikilməlidir.
O həmçinin bildirib ki, şəhər anlayışının ənənəvi modeli artıq aktuallığını itirib.
“Bu gün söhbət şəhərlər arasındakı sərhədlərin silindiyi, infrastrukturun, nəqliyyat dəhlizlərinin və əmək bazarlarının birləşdiyi polisentrik meqaregionlardan gedir”, – deyə Yotova bildirib.
Bolqarıstan Prezidenti milli hökumətlərin, regionların, şəhərlərin və yerli icmaların əməkdaşlığına əsaslanan yeni idarəetmə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.
O, çıxışında miqrasiya, müharibələr və iqlim dəyişiklikləri məsələlərinə də xüsusi diqqət ayırıb.
Dövlət başçısının sözlərinə görə, münaqişələr və iqlim dəyişiklikləri milyonlarla insanı evlərini tərk etməyə məcbur edir, şəhərlər isə insanların təhlükəsizlik və yeni həyata başlamaq imkanı axtardıqları ilk məkanlara çevrilir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
