Şəhərlər milli kimliyin ifadəsidir - İrakli Kobaxidze
Bakı. Trend:
Şəhərsalma və mənzil siyasətimizin mərkəzində insanların rifahı dayanır. Gürcüstan uzun illərdir, müharibə və işğalın humanitar nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir və işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin mənzil və sosial təminatı sahəsində tədbirlər həyata keçirir.
Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
“Biz uzunmüddətli strategiyamız çərçivəsində yeni yaşayış məntəqələri salmağa və zərərçəkmiş ailələrə mənzillər təqdim etməyə davam edirik. Məqsəd ləyaqətli yaşayış şəraitinin və sosial inklüzivliyin təmin edilməsidir.
Siyasətlərimiz gənc ailələrin, ekoloji miqrantların və dağlıq ərazilərdə yaşayan insanların dəstəklənməsinə də xüsusi diqqət ayırır. Hədəfli dövlət proqramları və innovativ maliyyə mexanizmləri vasitəsilə mənzil əlçatanlığını artırmağa və Gürcüstanın bütün regionlarında bərabər inkişaf imkanları yaratmağa çalışırıq. Bizim təşəbbüslərimiz ənənəvi gürcü memarlıq irsinin qorunmasına sadiqlik prinsipi üzərində qurulub. Hesab edirik ki, modernləşmə tarix hesabına baş verməməlidir”, - deyə Gürcüstanın Baş naziri bildirib.
İ.Kobaxodze əlavə edib ki, şəhərlər milli kimliyin ifadəsidir:
“Ənənəvi memarlıq elementlərini müasir şəhərsalma ilə inteqrasiya etməklə biz həm mədəni təhlükəsizliyimizi qoruyur, həm də keçmişimizə hörmət edən və gələcəyə xidmət edən şəhərlər qururuq. Eyni zamanda, kənd və şəhər arasında fərqlərin azaldılması dayanıqlı inkişaf siyasətimizin əsas prioritetlərindən biri olaraq qalır. BMT və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində hökumət ölkənin bütün regionlarında daha balanslı və inklüziv inkişafın təmin olunması istiqamətində fəaliyyət göstərir”.
