Bakı.Trend:
Liviya ölkədə baş vermiş daşqınlar və müharibələrdən sonra bərpa prosesində genişmiqyaslı irəliləyişin olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə Liviya Dövlətinin Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı danışıb.
“Liviyada yenidənqurma son illərdə davam edir və bu gün ölkənin şimalında, cənubunda və şərqində, ələlxüsus da, daşqınlardan sonra şəhərlərdə, eləcə də müharibədən sonra qərbdə əhəmiyyətli irəliləyiş müşahidə edirik”, – deyə o bildirib.
Məhəmməd Yunis əl-Mənfi qeyd edib ki, müsbət dəyişikliklər ölkədə hazırda mövcud olan sabitlik sayəsində mümkün olub.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
