Bakı.Trend:
Səudiyyə Ərəbistanı urbanistika sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə ümid edir.
Trend xəbər verir ki, bunu Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə Səudiyyə Ərəbistanının bələdiyyə və mənzil məsələləri naziri Məcid bin Abdullah Əl-Hoqayl deyib.
Onun sözlərinə görə, Azərbaycanın qonaqpərvərliyi yerli xalqın xarakterini əks etdirir.
Əl Hoqayl qeyd edib ki, “Azərbaycan-2030" baxışı və “Səudiyyə Ərəbistanı-2030" baxışı oxşar məqsədlərə malikdir və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
O vurğulayıb ki, Bakı və Azərbaycanın digər bölgələrində şəhər infrastrukturu və “yaşıl” zonaların əhəmiyyətli inkişafının şahidi olub.
“ "Yaşıl” Bakını, Azərbaycanın əksər bölgələrində şəhərlərin inkişafını və modernləşdirilməsini gördükdə, bu bizə Səudiyyə Ərəbistanında gedən prosesləri xatırlatdı”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında dayanıqlı şəhər inkişafı və infrastrukturun modernləşdirilməsi sahəsində yanaşmalarda böyük oxşarlıq mövcuddur.
O, həmçinin Azərbaycan rəhbərliyinin həyat keyfiyyəti, şəhərsalma və abadlıq məsələlərinə göstərdiyi diqqəti qeyd edib.
Əl Hoqayl iki ölkə arasında, o cümlədən özəl sektorun iştirakı ilə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
“ Yaxın gələcəkdə səudiyyəli və azərbaycanlı şirkətlər arasında çoxsaylı sazişlərin imzalanacağına ümid edirik”, - deyə o vurğulayıb.
