WUF13 mənzil böhranı üzrə fəaliyyəti gücləndirməyə imkan yaradır - Annalena Berbok

İqtisadiyyat Materials 18 May 2026 14:15 (UTC +04:00)
WUF13 mənzil böhranı üzrə fəaliyyəti gücləndirməyə imkan yaradır - Annalena Berbok
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil böhranı ilə bağlı fəaliyyəti gücləndirmək imkanı yaradır.

Trend xəbər verir ki, bunu BMT Baş Assambleyasının sədri Annalena Berbok Bakıda WUF13-ün açılış mərasimində ünvanladığı müraciətdə deyib.

“Əlçatan, təhlükəsiz və layiqli mənzil insanın əsas hüquqlarından biridir. Bu, ləyaqətin, sağlamlığın, təhlükəsizliyin və imkanların təməlidir. Lakin bu gün bu təməl həddindən artıq çox sayda insan üçün əlçatmaz olaraq qalır: 1,1 milyarddan çox insan hələ də qeyri-rəsmi yaşayış məntəqələrində və ya gecəqondularda yaşayır, 300 milyondan çox insan isə evsizdir”, – deyə o bildirib.

Berbok qeyd edib ki, bunun nəticələri təkcə mənzil məsələsi ilə məhdudlaşmır.

“Təhlükəsiz mənzil olmadıqda insanın səhhəti pisləşir, təhsil pozulur, təhlükəsizlik riskləri artır, bərabərsizlik kəskinləşir və icmalar iqlim sarsıntıları və fəlakətlər qarşısında daha həssas olur. Buna görə də Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası mühüm bir dövrdə keçirilir. Bu forum mənzil böhranı ilə bağlı tədbirləri gücləndirmək, eyni zamanda bu işi davamlı urbanizasiya üzrə daha geniş gündəliklə əlaqələndirmək imkanı yaradır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu miqyasda olan böhranın sadə həlli yoxdur. Daha çox ev tikmək vacibdir, lakin təkcə bu kifayət deyil. Mənzili infrastruktur, əsas xidmətlər, iqlim dayanıqlılığı, maliyyələşmə və inklüziv planlaşdırma ilə birləşdirən sistemli yanaşma tələb olunur.

“Belə yanaşma həm də geniş iştirakdan asılıdır, çünki dayanıqlı şəhər inkişafı yalnız hökumətlər tərəfindən təmin edilə bilməz. Bu proses yerli hakimiyyət orqanlarının, icmaların, vətəndaş cəmiyyətinin, özəl sektorun, ekspertlərin və şəhərlərdə yaşayan insanların iştirakını tələb edir ki, onlar yaşadıqları şəhərlərin formalaşdırılmasında rol oynasınlar. İnsanlara yalnız inkişafın benefisiarları kimi deyil, həm də bu prosesin fəal iştirakçıları kimi baxılmalıdır”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, forum siyasi öhdəliklərin yenilənməsi üçün şərait yaradacaq və həmin öhdəliklərin icrasını möhkəmləndirəcək.

"Ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında gedən müzakirələr məzmunlu, inklüziv və praktiki olacaq və Nyu-Yorkda siyasi bəyannamə üzrə danışıqlara hazırlıq prosesinə töhfə verəcək. Foruma uğurlar arzulayıram və sizin çoxunuzla iyul ayında Nyu-Yorkda görüşməyi səbirsizliklə gözləyirəm",-deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti