Arkadağ şəhəri təbiət və müasir texnologiyaların sintezidir - Türkmənistan nümayəndəsi

Siyasət Materials 18 May 2026 17:33 (UTC +04:00)
Arkadağ şəhəri təbiət və müasir texnologiyaların sintezidir - Türkmənistan nümayəndəsi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Arkadağ şəhəri təbiətə hörmət və müasir texnologiyaların uğurlu sintezinin nümunəsidir.

Trend xəbər verir ki, bunu Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Onun sözlərinə görə, şəhərin əsas məqsədi təbii balansı pozmadan müasir urbanizasiya modelini formalaşdırmaq olub.

“Arkadağ şəhəri yalnız ağıllı sistemlərin tətbiqi ilə deyil, həm də ekoloji tarazlığın qorunması üçün yaradılıb”, – deyə çıxışda vurğulanıb.

Deryageldi Orazovu qeyd edib ki, Türkmənistan Mərkəzi Asiyanın ən günəşli ölkələrindən biridir və şəhərdə alternativ enerji mənbələrinin tətbiqi istiqamətində banklarla birgə layihələr həyata keçirilir:

Onun sözlərinə görə, şəhərin ətrafında iynəyarpaqlı və meyvə ağaclarının əkildiyi, geniş yaşıllaşdırma işləri aparılıb.

Türkmənistan nümayəndəsi çıxışı zamanı uşaqların sosial müdafiəsinə də toxunub.

“Arkadağ şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Uşaq Sağlamlıq və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir və burada müasir tibbi avadanlıqlardan istifadə olunur. Şəhərdə tibbi məhsullar istehsal edəcək xüsusi tibbi klaster yaradılıb. İstehsal prosesində Türkmənistanda yetişdirilən dərman bitkiləri və yerli xammaldan istifadə olunacaq”, – deyə nümayəndə bildirib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti