Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, sərginin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadrat metr sahəni əhatə edir və ölkənin müasir şəhərsalma, eləcə də dayanıqlı inkişaf yanaşmalarını nümayiş etdirir.
Pavilyon dünya şöhrətli memar Zaha Hadidin yaratdığı Heydər
Əliyev Mərkəzinin memarlıq konsepsiyasının elementləri nəzərə
alınaraq hazırlanmışdır.
Azərbaycan pavilyonunun qalereya məkanında ölkənin şəhərsalma
layihələri, İçərişəhərin zəngin mədəni irsi, ekoloji təşəbbüslər,
turizm potensialı və memarlıq nümunələri nümayiş etdirilir.
Pavilyonda həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında həyata keçirdiyi yenidənqurma və müasir şəhərsalma
yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı
şəhər” və “ağıllı kənd” layihələri, eləcə də regionun yaşıl enerji
zonasına çevrilməsi istiqamətində görülən işlər nümayiş
etdirilir.
Azərbaycan Pavilyonunda rəsmi görüş və fikir mübadiləsini təmin
edən şəbəkələşmə zonaları, təqdimat və konfrans məkanları, virtual
reallıq əsaslı interaktiv sahələr, kino və turizm guşələri,
müxtəlif master-klasslar, eləcə də Azərbaycan mədəniyyəti və milli
mətbəxini təqdim edən xüsusi sahələr fəaliyyət göstərir.
WUF13 tədbiri ərzində pavilyonun tədbirlər proqramına “Bakı Baş
Planı 2040”, enerji sistemlərinin rəqəmsal transformasiyası,
miqrasiya və şəhər idarəçiliyi, eləcə də urbanizasiya və iqlim
gündəliyi üzrə müxtəlif sessiyalar və yüksəksəviyyəli dialoqlar
daxildir.
Qeyd edək ki, WUF13-ün əsas platformalarından biri olan “Urban
Expo” sərgisində müxtəlif ölkələr, şəhərlər, beynəlxalq təşkilatlar
və şirkətlər öz qabaqcıl təcrübələrini və şəhərsalma üzrə fərqli
inkişaf yanaşmalarını təqdim edirlər.
Azərbaycan pavilyonunda keçirilən tədbirlərlə bağlı məlumatı bu
keçiddən əldə edə bilərsiniz: https://wuf13.az/uploads/files/Agenda-of-Azerbaijan-s-Pavilion%20(1).pdf
