Bakı. Trend:
Göyərtəsində hantavirusun yayılması qeydə alınan "MV Hondius" kruiz gəmisi mayın 18-də Rotterdam limanına yan almalıdır. Niderland hakimiyyəti artıq gəmidə qalan ekipaj üzvləri və tibb işçiləri üçün karantin tədbirləri tətbiq edib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda gəmidə 25 ekipaj üzvü və iki tibb işçisi karantindədir. Niderland vətəndaşı olmayan bəzi dənizçilər üçün xüsusi karantin mərkəzləri hazırlanıb. Bununla belə, onların 42 günlük karantin müddətinin tamamını həmin mərkəzlərdə keçirib-keçirməyəcəyi hələ məlum deyil.
Gəminin gəlişi Niderland sakinləri arasında narahatlıq yaradıb. Bəzi vətəndaşlar hesab edir ki, gəmidən endikdən sonra hamı karantin qaydalarına riayət etməyə bilər, lakin onlar yeni genişmiqyaslı pandemiya gözləmirlər.
