Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən "Vindzor Kral Atçılıq Şousu" uğurla başa çatıb.
Bu barədə Trend-ə Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ atlarının qorunması və dünya miqyasında tanınması istiqamətində mühüm işlər görülüb, əhəmiyyətli addımlar atılıb.
"Görülmüş məqsədyönlü tədbirlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca əhəmiyyətli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı "Vindzor Kral Atçılıq Şousu"nda Azərbaycanın layiqincə tanıdılmasıdır", - məlumatda qeyd olunub.
Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və rəqs ansamblı Azərbaycanı "Vindzor Kral Atçılıq Şousu"nda növbəti dəfə uğurla təmsil edib, göstərdikləri performansları, qədim tarix və milli geyimləri əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarıblar.
Tədbir zamanı milli musiqi alətlərində səslənən musiqilər, "Sərhədçi" rəqs ansamblının enerji dolu rəqsləri və DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanıb.
"Vindzor Kral Atçılıq Şousu"nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilib, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan "Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü" heykəli hədiyyə edilib.
Tədbirin yekununda "Land of Fire – Azerbaijan" polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən "Guards" polo komandası ilə dostluq görüşü keçirilmiş və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatıb.
