Bakı. Trend:
Mənzil siyasəti bazar çərçivəsindən kənara çıxmalıdır.
Trend xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Mexiko şəhər pavilyonunun açılışda bildirib.
O, mənzil siyasətinə və şəhər inkişafına yanaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, mövcud mərhələ şəhərlərin bazar məntiqindən vətəndaş hüquqlarına və sosial inklüzivliyə yönəlmiş modelə keçidini tələb edir.
“Dəyişiklik anı çatıb: mənzil yalnız bazar çərçivəsində deyil, həm də öz vətəndaşlarına hörmət edən, inklüziv, dayanıqlı və sakinlərinin hüquqlarını qoruyan şəhərlərin maraqlarına xidmət etməlidir. Dəyişiklik məhz budur”, - deyə Anaklaudiya Rossbax qeyd edib.
O, həmçinin BMT çərçivəsində əməkdaşlıq dəyərlərinin və beynəlxalq koalisiya işinin əhəmiyyətini vurğulayıb.
“Bizə millətlərin ruhu, kollektivlik ruhu, koalisiyalar qurmaq bacarığı və bu gün qarşılaşdığımız problemin dünyanın hər yerində - həm cənubda, həm də şimalda hamımıza aid olduğunu anlamaq lazımdır. Biz yalnız "pazl"ın bütün parçalarını birləşdirəndən sonra bunun öhdəsindən gələ biləcəyik”, - deyə Anaklaudiya Rossbax əlavə edib.
