Tarixi dərsdən zəfər reallığına və milli ləyaqətin bərpasına ucalan Laçın - Şərh

Siyasət Materials 18 May 2026 23:20 (UTC +04:00)
Tarixi dərsdən zəfər reallığına və milli ləyaqətin bərpasına ucalan Laçın - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

18 May — Azərbaycan tarixində sadəcə təqvim xronologiyası deyil, daha geniş tarixi-siyasi məna daşıyan dönüş nöqtəsidir. Bu tarix milli dövlətçilik yaddaşımızda siyasi məsuliyyətsizliyin, hakimiyyət hərisliyinin, idarəetmə böhranının və hərbi-strateji korluğun necə ümummilli faciəyə çevrildiyini nümayiş etdirən ağır bir mərhələ kimi həkk olunub.

Bu fikirləri Trend-ə açıqlamasında 121 saylı Laçın seçki dairəsindən Milli Məclisə deputat seçilən Rövşən Muradov deyib.

Millət vəkili xatırladıb ki, 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu böyük strateji əhəmiyyətə malik idi. Laçın — Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında yerləşən strateji qapı, Azərbaycanın qərb təhlükəsizlik sisteminin əsas dayaqlarından biri, hərbi-siyasi baxımdan isə bütöv bir regionun taleyini müəyyən edən səngər-qaladır:

“Laçının işğala məruz qalması həm laçınlılar, həm də bütövlükdə Azərbaycan xalqı üçün böyük fəlakət idi. Şübhəsiz ki, hər bir kənd və şəhərimizin itirilməsi milli faciəmiz idi, lakin Laçının işğalı hərbi-strateji nöqteyi-nəzərdən geosiyasi sınaq idi. Çünki bu işğalla Ermənistan ilə keçmiş Dağlıq Qarabağ arasında birbaşa coğrafi əlaqə yaradıldı. Sonrakı ərazi itkilərimizin zəncirvari başlanğıcı məhz Şuşa və Laçının əldən getməsi ilə qoyuldu”.

Deputatın fikrincə, Laçının işğalı o dövrün Azərbaycanında hökm sürən siyasi xaosun ən ağır təzahürü idi:

“Dövlət institutlarının zəifliyi, vahid komandanlığın olmaması, ordu quruculuğunun siyasi avantüralara qurban verilməsi və hakimiyyət uğrunda gedən daxili çəkişmələr cəbhə xəttində ölümcül boşluqlar yaratmışdı. Laçının düşmənə təslim edilməsinin arxasında məkrli siyasi niyyətlər dayanırdı.

O dövrdə hakimiyyətə can atan AXC-Müsavat cütlüyü idarəçiliyi hər nəyin bahasına olursa-olsun ələ keçirmək üçün ən çirkin üsullara əl atdı, Şuşa və Laçını faktiki olaraq düşmənə güzəştə getdi. Siyasi ambisiyalarını dövlət maraqlarından üstün tutan və hakimiyyəti zəbt edən bu qüvvələrin xəyanəti, fəaliyyətsizliyi nəticəsində artıq 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü. Bu baxımdan, Laçının işğalı yalnız hərbi məğlubiyyət kimi deyil, həm də siyasi səriştəsizliyin, idarəçilik məsuliyyətsizliyinin və dövlətçilik təfəkküründən məhrumluğun tarixi ittihamnaməsi kimi qiymətləndirilməlidir”.

R.Muradov vurğulayıb ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə illər boyu strateji dəqiqlik, dərin səbir və sarsılmaz siyasi iradə üzərində qurulan yeni güc modeli formalaşdırdı. Ordunun müasirləşdirilməsi, beynəlxalq müstəvidə hüquqi-siyasi üstünlüyün təmin edilməsi, iqtisadi resursların milli təhlükəsizlik məqsədlərinə yönəldilməsi və cəmiyyətin vahid zəfər ideyası ətrafında səfərbər olunması nəticəsində 2020-ci ildə tamamilə yeni reallıq yarandı:

“44 günlük Vətən müharibəsində Azərbaycan yalnız döyüş meydanında mütləq üstünlük qazanmadı, həm də diplomatik masada öz iradəsini beynəlxalq birliyə qəbul etdirdi. Laçın rayonunun bir güllə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarılması məhz bu böyük strateji kombinasiyanın və müzəffər diplomatiyanın parlaq nəticəsi idi”.

Parlamentari xüsusilə qeyd edib ki, Laçının azad olunması müasir Azərbaycan dövlətçiliyinin ən yüksək siyasi-hərbi nailiyyətlərindən biridir.

“Çünki bu qələbə dövlət zəkasının, strateji səbrin, hərbi qüdrətin və siyasi iradənin vahid məntiqdə birləşərək tarixi
ədaləti bərpa etməsinin sübutudur.

Məhz bu səbəbdən Laçın, həm ötən dövrün acı tarixi dərslərinin, həm də bərpa olunmuş dövlət suverenliyinin və milli ləyaqətin rəmzidir. 18 May tarixinin xatırlanması xalqımızın tarixi-siyasi sınaqlardan uğurla keçərək milli dirçəliş və qüdrətli dövlətçilik mərhələsinə yüksəlməsini təsdiq edir”, - deyə o sözünə yekun vurub.

Xəbər lenti

Xəbər lenti