Aşqabadda yaxın zamanda UN-Habitat ofisi açıla bilər - İrfan Əli

İqtisadiyyat Materials 19 May 2026 09:09 (UTC +04:00)
Aşqabadda yaxın zamanda UN-Habitat ofisi açıla bilər - İrfan Əli
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Aşqabadda (Türkmənistan) yaxın zamanda UN-Habitat-ın ofisi açıla bilər.

Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya Forumunda UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru İrfan Əli deyib.

“Hazırda bizim ofis Şərqi Avropa, Cənubi Avropa, Qərbi Balkanlar, Türkiyə, Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələri daxil olmaqla 25 ölkəni əhatə edir.

Hazırda regional ofis digər BMT agentlikləri ilə birlikdə İstanbulda yerləşir. Artıq Kiyevdə, Ukraynada, Moskvada, Kosovoda və burada – Bakıda, Azərbaycanda dörd ölkə proqramımız var. Ümid edirəm ki, çox yaxın zamanda Türkmənistanın Aşqabad şəhərində də layihə ofisimiz açılacaq”, – deyə o bildirib.

İrfan Əli qeyd edib ki, bu regionda, xüsusilə onun Şərqi Avropa hissəsində sürətli urbanizasiya müşahidə olunur.

“Və əlbəttə ki, regionun bütün ölkələri hər yerdə şahidi olduğumuz iqlim dəyişikliyinin nəticələrinə, eləcə də təbii fəlakət risklərinə qarşı həssasdır. İki il əvvəl Türkiyədə baş verən dağıdıcı zəlzələni xatırlayırıq. Regionun bir çox ölkələri də oxşar risklərlə üzləşir. Bu isə bizi dayanıqlığın gücləndirilməsi istiqamətində daha fəal işləməyə və bu mövzunu regionda əməkdaşlığımızın prioritetinə çevirməyə təşviq edir”, – deyə o əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti