Bakı.Trend:
Bu gün şəhərlər qlobal enerji istehlakının təxminən 70 faizini və istixana qazı emissiyalarının böyük hissəsini təşkil edir.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" adlı tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir bildirib ki, bu, D8 ölkələri üçün bərpa olunan enerji, enerji səmərəliliyi və iqlimə dayanıqlı həllər əsasında şəhər inkişafının təşviq edilməsini zəruri edir.
“Sürətli urbanizasiya, enerji təhlükəsizliyi problemləri və iqlim dəyişiklikləri fonunda yaşıl və ağıllı şəhərlər artıq yalnız inkişaf modeli deyil, həm də qlobal enerji keçidinin əsas hərəkətverici qüvvəsinə çevrilib.
D8 ölkələri olaraq sürətlə böyüyən şəhərlərə və böyük bərpa olunan enerji potensialına malikik. Bu potensialın reallaşdırılması enerji keçidi ilə şəhər inkişafı arasında daha güclü əlaqələrin qurulmasını, yaşıl investisiyaların və innovasiyaların artırılmasını tələb edir”.
P.Şahbazov bildirib ki, Azərbaycan yaşıl enerji gündəliyini strateji prioritet kimi irəli aparır: “Biz genişmiqyaslı bərpa olunan enerji və transsərhəd enerji dəhlizi layihələrini həyata keçirir, yaşıl enerji zonaları yaradır, enerji səmərəliliyini artırır və elektrik şəbəkələrini modernləşdiririk”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
