Bakı. Trend:
Təhlükəsiz geri dönüşə maneələrin aradan qaldırılması kimi məsələlərin həll yolu yalnız fiziki infrastrukturun bərpasından ibarət deyil. Əsas məsələ uzunmüddətli sülh və əməkdaşlıq üçün şərait yaratmaqdır.
Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
C.Bayramov qeyd edib ki, yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir:
“Bu investisiyalar mobilliyi, ticarəti, investisiyaları, turizmi və məşğulluğu artırmaqla yanaşı, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir.
Bu baxımdan onların təsiri Azərbaycanın sərhədlərini aşaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir və daha geniş regional iqtisadi əməkdaşlığa töhfə verir.
Azərbaycan Trans-Xəzər Orta Dəhlizi və Şimal-Cənub Dəhlizinin əsas iştirakçılarından biri kimi multimodal bağlantı gündəliyini post-münaqişə strategiyasının ayrılmaz hissəsi kimi davamlı şəkildə təşviq edir”.
Nazir xatırladıb ki, 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) adlı yeni bağlantı xəttinin əsasını qoydu:
“Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz multimodal əlaqəni təmin etməklə yanaşı, Asiya ilə Avropanı birləşdirən yeni strateji xətt yaradacaq.
Bu xətt dəmir yollarını, avtomobil magistrallarını, enerji kəmərlərini, elektrik ötürücü xətləri və fiber-optik kabelləri əhatə edəcək.
Eyni zamanda Horadiz-Ağbənd dəmir yolu və Türkiyənin yeni Qars-İğdır dəmir yolu xətti Zəngəzur dəhlizini tamamlayaraq Asiya ilə Avropa arasındakı bağlantıları daha da gücləndirəcək”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
