Bakı.Trend:
Mövcud mənzil sistemləri hamı üçün işləmir, yeni sistemlərin isə hələ də gücləndirilməsinə və sabitləşdirilməsinə ehtiyac var.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda keçirilən dialoq zamanı deyib.
“Biz hamımız mənzilin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məsələlərin — səhiyyə, təhsil, məşğulluq və suyun əlçatanlığı kimi sahələrin həlli baxımından əhəmiyyətini anlayırıq. Biz həmçinin anlayırıq ki, mənzil şəhərlərin inkişafı üçün kritik əhəmiyyət daşıyır. Əlçatan, keyfiyyətli və əlverişli yerləşməyə malik mənzilləri təmin edən şəhərlər daha məhsuldar, rəqabətqabiliyyətli və inklüziv olur, eyni zamanda daha dayanıqlı gəlir bazasına sahib olur”,- deyə o bildirib.
Rossbax qeyd edib ki, mənzili diqqət mərkəzinə gətirən Yeni Şəhər Gündəliyinin qəbulundan artıq on il, mənzil məsələsinin əsas istiqamətlərdən biri olduğu UN-Habitat-ın yaradılmasından isə əlli il keçməsinə baxmayaraq, mənzilə çıxış hələ də ciddi problem olaraq qalmaqdadır.
“Söhbət sadəcə çatışmazlıqdan getmir — problem dünyada hər üç nəfərdən birinə təsir edir. Məhz buna görə bu, qlobal böhrandır. Bu, həqiqətən də sistemli uğursuzluqdur. Mövcud mənzil sistemləri hamı üçün işləmir, yeni sistemlərin isə hələ də gücləndirilməsinə və sabitləşdirilməsinə ehtiyac var.
Mənzilin əlçatanlığı bu problemin əsas ortaq məxrəcidir. Əvvəllər Qlobal Cənubun struktur problemi hesab edilən məsələ bu gün həm Qlobal Şimalın şəhərlərinə, həm də sakinlərinə təsir göstərir”,- deyə o vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
