Mənzillə bağlı problemlər kompleks şəkildə həll olunmalıdır - Anaklaudia Rossbax

İqtisadiyyat Materials 19 May 2026 10:55 (UTC +04:00)
Mənzillə bağlı problemlər kompleks şəkildə həll olunmalıdır - Anaklaudia Rossbax
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Mənzillə bağlı problemlər kompleks şəkildə həll olunmalıdır.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda keçirilən dialoq zamanı deyib.

“Biz məhz bunu UN-Habitat-ın dəstəyi ilə üzv dövlətlərin mühüm təşəbbüsü olan mənzil məsələləri üzrə açıq tərkibli işçi qrup çərçivəsində müzakirə edirdik. Mənzil siyasəti hüquqi islahatlar, planlaşdırma sahəsində siyasət və islahatlarla inteqrasiya olunmalıdır”, - deyə o bildirib.

Rossbax qeyd edib ki, torpaq resurslarının səmərəli idarə olunması və torpaq siyasəti vacibdir.

“Qeyri-rəsmi yaşayış məntəqələri problemi həlli tələb olunan fövqəladə vəziyyət olaraq qalır. Söhbət qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan bir milyarddan çox insandan gedir. Biz ərazi inkişafını nəzərə almalı, məkanın necə təşkil olunduğunu, ikinci dərəcəli və aralıq şəhərlərin necə inkişaf etdiyini anlamalı, həmçinin meqapolislərin və iri şəhər aqlomerasiyalarının üzləşdiyi çağırışların miqyasını dərk etməliyik. Bununla yanaşı, yanaşmamız kompleks xarakter daşımalı və konkret konteksti nəzərə alaraq mənzil siyasətini sosial, iqtisadi və iqlim məqsədləri ilə əlaqələndirməlidir”, - deyə Rossbax əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti