Bakı.Trend:
Layiqli mənzilə çıxış imkanlarının genişləndirilməsi təkcə yeni obyektlərin tikintisi demək deyil.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda keçirilən dialoq zamanı deyib.
“Əlbəttə ki, biz mənzil tikməliyik. Mövcud mənzil qıtlığını azaltmaq üçün, xüsusilə də Qlobal Cənubun sürətlə böyüyən şəhərlərində mənzil fondunu artırmağa davam etməliyik. Lakin mövcud olan binalar və şəhər mühitinin yenidən istifadəsi imkanları, həmçinin aztəminatlı əhali qrupları üçün mənzil təklifinin genişləndirilməsi potensialımız var. Ətrafımızda boş qalan və lazımınca səmərəli istifadə olunmayan binaları və məkanları görmək mümkündür. Biz buna diqqət yetirməliyik”, -deyə o bildirib.
Rossbax qeyd edib ki, layihələr, şəhərlər və hətta dövlətlər səviyyəsində qeyri-rəsmi yaşayış məntəqələrinə investisiya qoyuluşunun iqtisadi inkişaf strategiyası kimi qiymətləndirildiyi çoxsaylı nümunələr mövcuddur.
“Məhz bu yolla bir çox insan şəhərlərə çıxış əldə edib və qeyri-rəsmi yaşayış məntəqələri şəhər həyatına daxil olmaq, eləcə də şəhərlərin təqdim etdiyi imkanlardan yararlanmaq üçün bir növ qapı rolunu oynayıb”, — deyə o bildirib.
İcraçı direktor əlavə edib ki, bu sahədə kiçik və orta biznes də daxil olmaqla, istifadə oluna biləcək böyük potensial mövcuddur.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
