Bakı. Trend:
İqlim dəyişikliyinə dayanıqlılığı artırmaq üçün Azərbaycan bir çox önəmli addımlar atır.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov
WUF13 çərçivəsində keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim
dayanıqlı şəhərlər” adlı tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə
qlobal proqramlara ciddi dəstək göstərir:
"COP29-da bu istiqamətdə mühüm təşəbbüslər irəli sürülmüşdü. Özəl şirkətlər və dövlət bu sahədə birgə əməkdaşlıq edir. Mühəndislik texnologiyalarını bir araya gətirərək avtomatik müşahidə və monitorinq sistemi formalaşdırılır. Beləliklə, biz fəlakət və hadisələr barədə əvvəlcədən məlumat əldə edə bilirik. Erkən xəbərdarlıq sistemləri təkcə bir ölkə tərəfindən həyata keçirilə bilməz. Bu sahədə regional və beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bir neçə ölkənin birgə fəaliyyəti daha güclü və effektiv sistemlərin qurulmasına imkan yaradır. İcmalar bir-birinə dəstək olmalı, sistemlər daim təkmilləşdirilməlidir. Şəhərsalma layihələri artıq seçim deyil, vacib bir zərurətə çevrilib. Bütün çətinliklərin öhdəsindən yalnız birlikdə gələ bilərik".
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
