Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərin inkişaf, rifah və bağlantı mərkəzinə çevrilməsi istiqamətində səylər ciddi süni maneələrlə, xüsusilə mina təhlükəsi ilə üzləşir.
Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
C.Bayramov diqqətə çatdırıb ki, minalar yenidənqurma, iqtisadi fəaliyyət, kənd təsərrüfatı inkişafı və insanların təhlükəsiz geri dönüşü üçün ən böyük maneə olaraq qalır:
“Rəsmi məlumatlara görə, azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış sursat mövcuddur.
Münaqişə başa çatdıqdan sonra yüzlərlə mülki şəxs və minatəmizləmə əməkdaşı mina partlayışlarının qurbanı olub.
Bu səbəbdən minatəmizləmə Azərbaycanın əsas milli prioritetlərindən biridir və uzunmüddətli regional sabitliklə bağlantının əsas şərti hesab olunur”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
