Azərbaycanın qətiyyətli mövqeyi ilə Cənubi Qafqaz real sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir - Nazir

Siyasət Materials 19 May 2026 13:42 (UTC +04:00)
Azərbaycanın qətiyyətli mövqeyi ilə Cənubi Qafqaz real sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qətiyyətli mövqeyi və addımları nəticəsində Cənubi Qafqaz artıq onilliklər davam edən qeyri-sabitlikdən real sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazir vurğulayıb ki, uzunmüddətli münaqişənin başa çatması və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünün tam bərpası regional dinamikanı dəyişdirib, sülh və təhlükəsizlik üçün əsas təhdidi aradan qaldırıb və regional əməkdaşlıq, ticarət, bağlantı və iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb:

“Bu kontekstdə Azərbaycanın Ermənistanla başladığı ikitərəfli normallaşma prosesi region ölkələrinin qarşılıqlı faydası naminə əməkdaşlıq və bağlantıların inkişafı üçün güclü zəmin yaradır”.

C.Bayramov xatırladıb ki, 2025-ci il 8 avqust tarixində keçirilən Vaşinqton Sülh Sammiti tarixi nəticələrlə yadda qaldı:

“Azərbaycan və Ermənistan liderlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın şahid qismində imzaladığı birgə bəyanat və ikitərəfli saziş tərəflər arasında faktiki sülh yaratdı və etimad quruculuğu ilə iqtisadi əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoydu.

Azərbaycan bu prosesi səbir, məsuliyyət və tam, dayanıqlı, geri dönməz normallaşma məqsədi ilə davam etdirməkdə qərarlıdır”.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti