Bakı. Trend:
İqlim dəyişikliyi artıq gələcək təhlükə deyil, bu günün reallığıdır. O, onsuz da kövrək olan sistemlər üzərində təzyiqi artırır, infrastrukturu dağıdır və artıq çox şey itirmiş icmaların həssaslığını daha da dərinləşdirir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave WUF13 çərçivəsində sülhyönümlü iqlim fəaliyyəti mövzusunda keçirilən tədbirdə deyib.
A.Soave bildirib ki. bərpa prosesinin ən görünən tərəfi məhz şəhərlərdə özünü göstərir:
“Bir ailə yenidən mənzilə qovuşanda, su və elektrik bərpa olunanda, uşaqlar məktəbə qayıdanda və ictimai məkanlar yenidən təhlükəsiz və əlçatan olanda sülh artıq abstrakt anlayış olmur. İnsanlar yenidən gələcəyə inanmağa başlayırlar.
Lakin geri dönüş yalnız binaların bərpası deyil. Bu, həm də ləyaqətin, aidiyyət hissinin və gələcəyə inamın bərpasıdır. Əks halda insanlar ikinci və ya hətta üçüncü dəfə köçkün düşə bilərlər.
Memar olaraq tam anlayıram ki, sosial həmrəylik olmadan bərpa olunmuş bina sadəcə tikilidir. Şəhərsalma mütəxəssisi kimi isə vurğulamaq istəyirəm ki, sosial bağlılığı olmayan məhəllə ev sayıla bilməz.
Bu təşəbbüs bu gün dünyanın müxtəlif regionları, o cümlədən genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyır”.
O vurğulayıb ki, təşəbbüs beynəlxalq sistemlərin çox vaxt ayrı-ayrı saxladığı məsələləri vahid çərçivədə birləşdirə biləcək yanaşmaya ehtiyac olduğunu göstərir.
“Biz çox vaxt iqlim fəaliyyətini, humanitar yardımı, şəhərsalmanı, sülh quruculuğunu və inkişaf maliyyəsini ayrı-ayrı sahələr kimi görürük. Hər birinin öz məntiqi, vaxt çərçivəsi və maliyyə alətləri var. Lakin köçkünlük və bərpa prosesini yaşayan insanlar bunları ayrı-ayrı məsələlər kimi qəbul etmirlər. Onlar bütün bu problemləri birlikdə yaşayırlar.
Məhz buna görə də bu gün müzakirə etdiyimiz təşəbbüs xüsusi əhəmiyyət daşıyır. “Ağıllı və Dayanıqlı Məskunlaşmalar” təşəbbüsü belə inteqrasiya olunmuş çərçivənin qurulmasına yönəlib”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
