Bakı. Trend:
Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhər həlləri vasitəsilə sülhyönümlü iqlim fəaliyyəti” mövzusunda tədbir keçirilir.
Trend xəbər verir ki, tədbir Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), “Baku Climate and Peace Action Hub” (Baku HUB) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən birgə təşkil edilir.
Müzakirələr şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması, münaqişədən zərər çəkmiş ərazilərdə dayanıqlı məskunlaşma modellərinin qurulması, həmçinin sülh və iqlim fəaliyyətinin şəhər inkişafı ilə əlaqələndirilməsi mövzularına həsr olunub.
Tədbirin açılış sessiyasına IOM-un İqlim Fəaliyyəti Bölməsinin direktoru Raniya Şarşr çıxış edəcək.
Açılış nitqləri ilə WUF13-ün Milli Koordinatoru, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax və IOM-un baş direktoru Amy E. Pope çıxış edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Baku Hub” təşəbbüsü, iqlim-sülh-şəhər əlaqələri və bu istiqamətdə əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edəcək.
Tədbirdə postmünaqişə bölgələrinin yenidən qurulması, təhlükəsiz geri dönüş üçün “Ağıllı və Dayanıqlı Məskunlaşma” həlləri, iqlimə davamlı şəhər infrastrukturu və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində həmçinin “Beynəlxalq Gənclər Süni İntellekt Müsabiqəsi”nin mükafatlandırma mərasimi də keçiriləcək.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Xəbər yenilənəcək
