Mənzil gündəliyində demokratiyanın gələcəyi təhlükə altındadır - UCLG baş katibi

İqtisadiyyat Materials 19 May 2026 12:00 (UTC +04:00)
Mənzil gündəliyində demokratiyanın gələcəyi təhlükə altındadır - UCLG baş katibi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Mənzil gündəliyində demokratiyanın gələcəyi təhlükə altındadır.

Trend xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) baş katibi Emiliya Sais Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoqun gedişində bildirib.

Onun sözlərinə görə, mənzil böhranı artıq yalnız Qlobal Şimal və ya Qlobal Cənub problemi deyil, həm inkişaf, həm də demokratiya üçün struktur çağırışa çevrilib.

“Mənzil gündəliyində demokratiyanın gələcəyi təhlükə altındadır. Çünki artıq biz yalnız gecəqondu və qeyri-rəsmi yaşayış məntəqələrinin modernləşdirilməsindən danışmırıq. Biz həmçinin işi olan, lakin buna baxmayaraq mənzil problemi ilə üzləşən insanlardan danışırıq. Bu yeni problem deyil, amma bu gün daha nəzərəçarpan olub və onun miqyası sürətlə artır”, — deyə o bildirib.

E.Sais qeyd edib ki, bələdiyyə ictimaiyyəti mənzil siyasətinə mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini anlayır.

“Biz sosial mənzilləri yanlış yerlərdə tikməyə davam edirik. Və bunu bu gün bu zalda təmsil olunan bir çox institutların iştirakı ilə edirik. Bu dəyişməlidir”, — deyə o vurğulayıb.

Onun sözlərinə görə, bir çox ölkədə qeyri-rəsmi ərazilərdə özbaşına ev tikən insanların həmin evlərdən çıxarılması praktikası davam edir.

“İnsanlar ya həmin ərazilərdə xidmətlərin təmin edilməsinin mümkün olmamasına görə, ya da torpağın dəyərinin artması və yalnız gəlir mənbəyi kimi qiymətləndirilməsi səbəbindən köçürülür. Dünyanın bir çox yerlərində həm torpaq, həm də mənzil əmtəə kimi qəbul olunur”, — deyə UCLG-nin baş katibi bildirib.

O vurğulayıb ki, yerli və regional hakimiyyət orqanları həm problemin özünün, həm də onun həllinin ayrılmaz hissəsidir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti