Mənzil hər bir insanın fundamental hüququnun təmin olunması məsələsidir - Avrokomissar

İqtisadiyyat Materials 19 May 2026 13:02 (UTC +04:00)
Mənzil hər bir insanın fundamental hüququnun təmin olunması məsələsidir - Avrokomissar
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Mənzil hər bir insanın fundamental hüququnun təmin olunması məsələsidir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının Enerji məsələləri üzrə ali komissarı Dan Yorgensen Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoqun gedişində etdiyi videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Avropada mənzil ləyaqət və sosial ədalət məsələsi kimi qiymətləndirilir.

“Mənzil hər bir insanın təhlükəsiz və sağlam mühitdə yaşamaq hüququnun təmin olunması məsələsidir. Lakin Avropada və dünyanın digər yerlərində çox sayda insan üçün bu hüquq hələ də əlçatmaz olaraq qalır”, — deyə o qeyd edib.

D.Yorgensen vurğulayıb ki, hazırkı böhran yalnız mənzil sahəsi ilə məhdudlaşmır.

“Bu, sadəcə mənzil böhranı deyil. Bu, cəmiyyətin birliyini zəiflədən sosial böhrandır. Bu, rəqabət qabiliyyətini təhdid edən, əmək bazarında mobilliyi məhdudlaşdıran və təhsilin inkişafını ləngidən iqtisadi böhrandır”, — deyə o bildirib.

Yorgensen qeyd edib ki, bu böhran demoqrafiyaya da mənfi təsir göstərir, çünki çox sayda gənc valideyn evini tərk edib öz ailəsini qura bilmir.

“Böhrandan ən çox həyati əhəmiyyət daşıyan sahələrin əməkdaşları, gənclər və həssas vəziyyətdə olan insanlar əziyyət çəkirlər. Bir çox icmalarda kirayə haqlarının artması və sosial mənzilə çıxışın məhdud olması evsizlik riskinin yüksəlməsinə gətirib çıxarır”, - deyə avrokomissar bildirib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti