Mənzil insanları sabitlik və iqtisadi müstəqilliklə təmin etməlidir - Səudiyyə şahzadəsi

Cəmiyyət Materials 19 May 2026 13:03 (UTC +04:00)
Mənzil insanları sabitlik və iqtisadi müstəqilliklə təmin etməlidir - Səudiyyə şahzadəsi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Mənzil son məqsəd kimi deyil, insanların təhlükəsizliyini, sabitliyini və ləyaqətini təmin edən təməl kimi nəzərdən keçirilməlidir.

Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı şahzadəsi, UN-Habitat-ın ərəb dövlətləri üzrə regional xoşməramlı səfiri və “Alwaleed Philanthropies” xeyriyyə fondunun baş katibi Lamiya bint Məcid Əl Səud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzilin sosial və iqtisadi gücü” panelində çıxışı zamanı deyib.

Şahzadənin sözlərinə görə, “Alwaleed Philanthropies” fondu təxminən 45 ildir dünyanın müxtəlif yerlərində mənzil proqramlarının icrası ilə məşğuldur.

“Biz 1,2 milyon mənzil vahidi təmin etmişik və insan inkişafı və humanitar layihələrə 5 milyard dollardan çox investisiya yatırmışıq. Burada söhbət sırf evlərdən getmir, ailələrin özünü təmin edən və müstəqil hala gəlməsinə kömək etməyin yolundan gedir”, — deyə o vurğulayıb.

O, BMT İnkişaf Proqramı (UNDP), BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi ilə birgə Yəməndə həyata keçirilən layihəni nümunə göstərib.

“Biz 600 yaşayış evi təqdim etdik, lakin bununla kifayətlənmədik. Yəmən ailələri üçün peşə hazırlığı proqramları da həyata keçirildi və bu proqramlar məşğulluqla nəticələndi. Benefisiarların sayı təxminən 5 min nəfərə çatdı”, — deyə o bildirib.

Şahzadə Lamiya bint Məcid Əl-Saud vurğulayıb ki, 2030-cu ilə qədər dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə yaşayacaq və hökumətlər mənzil məsələlərini təkbaşına həll edə bilməyəcəklər.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti