Hazırda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması, əhalinin mərhələli şəkildə geri qayıdışı prioritet istiqamətlərdəndir - Anar Quliyev

İqtisadiyyat Materials 19 May 2026 14:05 (UTC +04:00)
Hazırda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması, əhalinin mərhələli şəkildə geri qayıdışı prioritet istiqamətlərdəndir - Anar Quliyev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:
Postmünaqişə dövründə görülmüş işlər barədə dəfələrlə danışılıb və Azərbaycan nümunəsi bu kontekstdə xüsusi olaraq qeyd olunub.

Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son beş ildən artıqdır ki, Azərbaycan yenidənqurma və bərpa işlərini həyata keçirir:

"Böyük bir ərazinin transformasiyası aparılır. Təxminən otuz ilə yaxın müddətdə Azərbaycanın ərazilərinin təxminən 20 faizi işğal altında olub. Şəhər və kənd infrastrukturu dağıntılara məruz qalıb, təbii ehtiyatlar tükədilib, bir milyondan çox soydaşımız məcburi köçkün vəziyyətinə düşüb.

Hazırda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması, əhalinin mərhələli şəkildə geri qayıdışı və xüsusilə Ağdam şəhərinin inkişafı prioritet istiqamətlərdəndir. Azərbaycan bu prosesləri əvvəlcədən koordinasiyalı şəkildə həyata keçirir. Bunun üçün xüsusi koordinasiya mexanizmi yaradılıb. Bu mexanizm bütün hökumət qurumlarını bir araya gətirir, yüksək səviyyəli iclasların keçirilməsini təmin edir, davamlı hesabat və monitorinq aparır.

Ərazilərin minalardan təmizlənməsi məskunlaşma üçün əsas prioritetlərdən biri olub. İşğaldan azad edilmiş ərazilərdə yüz minlərlə hektar sahə minalardan təmizlənmiş, böyük miqdarda mina zərərsizləşdirilib. Azərbaycan bu sahədə yeni bir idarəetmə modeli formalaşdırıb. Prezidentin xüsusi nümayəndəlik institutu yaradılıb və icra prosesində yeni idarəetmə mexanizmi tətbiq olunub. Bu nümayəndəliklər bərpa və yenidənqurma işlərinin əlaqələndirilməsinə və nəzarətinə cavabdehdir".

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti