Bakı. Trend:
Bizim üçün “yaşana bilən şəhər” anlayışı yalnız infrastruktur deyil, eyni zamanda sosial və iqtisadi mühitin keyfiyyətidir.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Nazir bildirib ki, buna görə də innovasiya ekosistemini inkişaf etdirmək və istedadları ölkəyə cəlb etmək üçün bu məsələlərə kompleks yanaşma vacibdir. Vergi stimulları və digər iqtisadi alətlər vacib olsa da, təkbaşına kifayət deyil.
“Son dövrlərdə xüsusilə Körfəz ölkələrindən bizneslərini başqa yerlərə köçürməyi düşünən şirkətlərlə aparılan müzakirələrdə də əsas mövzu məhz həyat keyfiyyəti məsələsi olub.
Harada işləmək və yerləşmək qərarı verərkən şirkətlər üçün ən vacib faktor məhz şəhərin yaşana bilənlik səviyyəsidir.
Bizim şəhərimiz və ümumilikdə yanaşmamız bu istiqamətdə kompleks, sistemli və uzunmüddətli strategiyaya əsaslanır.
Məqsədimiz yalnız regionda deyil, qlobal miqyasda ən yaşana bilən və ən rahat şəhərlərdən birini formalaşdırmaqdır”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
