Bakı.Trend:
Şəhərlərin uğuru bilavasitə bütün dünyanın gələcəyini müəyyən edir.
Trend xəbər verir ki, bunu BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin direktoru Ceffri Saks Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Şəhərlərin uğuru dünyanın uğuru deməkdir. Dünyanın uğuru şəhərlərin uğurundan asılıdır”, – deyə o qeyd edib.
Saks vurğulayıb ki, 2050-ci ilə qədər dünyada urbanizasiya səviyyəsi 70 faizə çatacaq və yaxın 25 il ərzində əlavə olaraq təxminən 2 milyard insan şəhərlərə köçəcək.
Onun sözlərinə görə, şəhər əhalisinin ən intensiv artımı Saxaradan cənubda yerləşən Afrika ölkələrində və Cənubi Asiyada gözlənilir ki, bu da infrastruktur, məşğulluq və sosial sahə üçün əlavə çağırışlar yaradır.
O qeyd edib ki, gələcəyin şəhərləri insanların yaşaya, işləyə və ailə qura biləcəyi “yaşıl, rəqəmsal, təhlükəsiz və məhsuldar” məkanlara çevrilməlidir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
