Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzilin sosial və iqtisadi gücü” mövzusunda panel müzakirəsi keçirilib.
Trend xəbər verir ki, sessiya zamanı iştirakçılar mənzil sektorunun dayanıqlı iqtisadi inkişafın və sosial ədalətin təmin edilməsindəki rolunu müzakirə ediblər.
Panel müzakirəsində mənzil sektorunun həm iqtisadi inkişaf mühərriki, həm də sosial bərabərləşdirmə aləti kimi necə çıxış edə biləcəyi, eləcə də hökumətlərin vətəndaşların layiqli mənzil hüququnun təmin olunması üçün bazar mexanizmlərinin təsirini hansı şəkildə tənzimləyə biləcəyi məsələlərinə baxılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev, həmçinin BMT İnkişaf Proqramının (UNDP) rəhbərinin müavini Fransin Pikap çıxış ediblər.
Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, Azərbaycanda əhalinin dayanıqlı köçürülməsinin təmin olunması üçün mənzil siyasətinin sosial və iqtisadi aspektlərinin paralel şəkildə inkişaf etməli olduğunu hesab edirlər.
“Mənzil yalnız sosial hüquq və fiziki sığınacaq deyil. O, həm də iqtisadi fəaliyyətin hərəkətverici qüvvəsidir. Sosial inklüzivlik olmadan dayanıqlı inkişafı təmin etmək mümkün deyil, eyni zamanda iqtisadi imkanlar olmadan uğurlu köçürülməyə nail olmaq qeyri-mümkündür”, - deyə o bildirib.
V.Hacıyevin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 illik işğaldan sonra bərpa və tikinti işləri faktiki olaraq sıfırdan həyata keçirilir.
“Münaqişədən sonrakı mühitdə mənzillə təminat çox vaxt qayıdışın ilk görünən əlamətinə və ictimai etimadın bərpasının əsasına çevrilir. Məhz buna görə biz sosial və iqtisadi inkişaf elementlərini birləşdirərək ağıllı şəhərlər və kəndlər qururuq”, - deyə nümayəndə qeyd edib.
Daha sonra çıxış edən urbanistika və mənzil siyasəti üzrə fransalı ekspert İv-Loran Sapoval bildirib ki, mənzil siyasəti həm sosial, həm də iqtisadi məsələ kimi qiymətləndirilməlidir, çünki mənzil qlobal rifahın əsasını təşkil edir.
Sapoval qeyd edib ki, bu gün əsas vəzifələrdən biri mövcud mənzil fondunun qorunması və onun iqlim dəyişikliklərinə uyğunlaşdırılmasıdır.
Səudiyyə Ərəbistanı şahzadəsi, UN-Habitat-ın ərəb dövlətləri üzrə regional xoşməramlı səfiri və “Alwaleed Philanthropies” xeyriyyə fondunun baş katibi Lamiya bint Məcid Əl Səud isə vurğulayıb ki, mənzil son məqsəd kimi deyil, insanların təhlükəsizliyini, sabitliyini və ləyaqətini təmin edən təməl kimi nəzərdən keçirilməlidir.
Müzakirələrin yekununda mənzil sektorunun inkişafı ilə sosial bərabərlik prinsipləri arasında balansın təmin olunmasına yönəlmiş vahid yanaşmanın formalaşdırılması üçün təklif və tövsiyələrin təqdim olunacağı bildirilib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
