Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dayanıqlı inkişafın qlobal gündəliyində mənzil siyasətinin rolunun gücləndirilməsinə həsr olunmuş “Mənzil qlobal koalisiyaların mərkəzində” (Housing at the Centre of Global Coalitions) adlı sessiya keçirilib.
Trend xəbər verir ki, UN-Habitat tərəfindən təşkil olunan sessiya mənzil gündəliyinin qlobal koalisiyaların fəaliyyəti və investisiya mexanizmlərinə inteqrasiyası yollarını müzakirə etmək üçün nazirləri, şəhər merlərini, beynəlxalq maliyyə institutlarının nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirib.
Sessiyanın əsas diqqət mərkəzi siyasi öhdəliklərin innovativ maliyyə alətləri və mənzil sahəsində layihələrin həyata keçirilməsi üzrə praktiki mexanizmlərlə uzlaşdırılmasına yönəlib.
Müzakirələr zamanı DİM 11.1-in həyata keçirilməsi məqsədilə mənzil gündəliyinin G7, G20, G77 və BRICS-in prioritetlərinə daha sistemli şəkildə daxil edilməsi, effektiv koalisiyaların və tərəfdaşlıqların formalaşdırılması, eləcə də iqlim, səhiyyə və ərzaq təhlükəsizliyi sahələrində qlobal təşəbbüslərin təcrübəsindən istifadə məsələlərinə baxılıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
