Əlçatan mühit əlilliyi olan şəxslərin hüquqlarının təmin olunmasının təməl şərtidir - İordaniya nümayəndəsi

Cəmiyyət Materials 19 May 2026 11:51 (UTC +04:00)
Əlçatan mühit əlilliyi olan şəxslərin hüquqlarının təmin olunmasının təməl şərtidir - İordaniya nümayəndəsi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Əlçatan mühit əlilliyi olan şəxslərin təhsil, əmək, səhiyyə və ictimai həyatda iştirak hüquqlarının təmin olunmasının təməl şərtidir.

Trend xəbər verir ki, bunu İordaniyanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə “I am Human” cəmiyyətinin prezidenti Asiya Abdel Mutaleb Yaqhi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” tədbirində deyib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslər üçün əlçatanlıq yalnız texniki standartlar və ya hüquqi tələblər deyil, insan hüquqlarının həyata keçirilməsinin fundamental şərtidir.

“Əlçatan mühit olmadan təhsil, əmək, səhiyyə və ya mədəni və ictimai həyatda iştirak hüququndan danışmaq mümkün deyil”, — deyə o bildirib.

Asiya Yaqhi vurğulayıb ki, şəhərlərin layihələndirilməsi, yolların, ictimai binaların və nəqliyyat sistemlərinin tikintisi zamanı bütün insanların, o cümlədən müxtəlif fiziki, sensor və koqnitiv məhdudiyyətlərə malik şəxslərin ehtiyacları nəzərə alınmalıdır.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti