Bakı. Trend:
İqlim dəyişikliyi artıq ekoloji çərçivəni aşaraq, qlobal iqtisadi inkişafı, ərzaq təhlükəsizliyini, urbanizasiya siyasətini, su ehtiyatlarının idarə olunmasını və aqrar sektorun gələcəyini birbaşa formalaşdıran fundamental amilə çevrilib.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, qlobal temperatur artımı, quraqlıq dinamikası, şirin su ehtiyatlarının azalması və digər ekstremal hidrometeoroloji hadisələr Azərbaycan üçün də yeni risklər formalaşdırır:
"Bu təhdidlərə qarşı ən həssas sahə məhz aqrar sektordur. Kənd təsərrüfatı iqlim amillərindən birbaşa asılı olan və ölkənin makroiqtisadi sabitliyi ilə ərzaq təhlükəsizliyini təmin edən strateji sahə olduğu üçün bu istiqamətdə dayanıqlılığın artırılması prioritet vəzifədir.
Məhz bu səbəbdən, erkən xəbərdarlıq sistemlərinin qurulması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Erkən xəbərdarlıq mexanizmləri sadəcə təhlükə barədə məlumatlandırma vasitəsi deyil; bu, risklərin öncədən proqnozlaşdırılması, düzgün idarəetmə qərarlarının qəbulu, təbii resursların qorunması və ümumi məhsuldarlığın təminatıdır.
Bu xüsusda, dəqiq aqrometeoroloji proqnozların Elektron Kənd
Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası mühüm
strateji addımdır. Aqrometeoroloji datanın EKTİS vasitəsilə
istehsalçılara operativ şəkildə ötürülməsi təsərrüfat fəaliyyətinin
idarə olunmasında yeni keyfiyyət mərhələsi yaradır. Bu sistem
vasitəsilə fermerlər:
• Aqrotexniki prosesləri (əkin, suvarma və məhsul yığımı) elmi
əsaslarla planlaşdırmaq;
• Şaxta, quraqlıq, dolu və digər iqlim risklərinə qarşı qabaqlayıcı
tədbirlər görmək;
• Bitki və heyvan mənşəli məhsulları potensial təhlükələrdən
effektiv qorumaq;
• Təsərrüfat planlamasını iqlimə uyğunlaşdırma imkanı və s. əldə
edirlər".
O bildirib ki, nəticədə məhsul itkisi minimuma endirilir, aqrar sahədə maliyyə dayanıqlığı artır və ölkənin ərzaq balansının sabitliyi gücləndirilir.
"Strategiyamızın növbəti fundamental istiqaməti kənd təsərrüfatında resursların səmərəli idarə olunması məqsədilə Süni İntellekt (Sİ) əsaslı sistemlərin tətbiqidir. Müasir rəqəmsal texnologiyalar bizə yalnız məlumat toplamaq deyil, böyük həcmli verilənləri (Big Data) analiz edərək optimal qərarlar qəbul etmək imkanı verir.
Həmçinin 2024–2026-cı illəri əhatə edən “Aqrar Süni İntellekt” layihəsi çərçivəsində kənd təsərrüfatında müasir texnoloji həllərin tətbiqi davam edir. Hazırda ölkə üzrə 180-dən çox iqlim stansiyasının göstəriciləri, peyk görüntüləri və torpaq analizləri vahid sistemdə birləşdirilib. Bu baza vasitəsilə indiyədək 315 mindən çox fermerin və 636 min hektardan artıq sahənin məlumatları təhlil olunub.
Layihə çərçivəsində məhsuldarlıq proqnozu, bitki sağlamlığı və
suvarmanın idarə edilməsi üzrə hazırlanmış 33 modeldən 14-ü artıq
inteqrasiya mərhələsindədir. Qalan modellərin isə ilin sonunadək
tamamlanması nəzərdə tutulur. Bu sistemlərin real bəhrəsini artıq
sahələrdə görürük. Belə ki, 4 regionda, 4 meyvə növü üzrə
fermerlərə xəstəlik və zərərvericilər barədə 3 gün əvvəldən
xəbərdarlıq bildirişləri göndərilir. Bu da məhsul itkisinin
azaldılmasına, resurslara qənaətə və subsidiya siyasətinin
təkmilləşdirilməsinə birbaşa dəstək verir.
Hazırda sistemin e-Agro, EKTİS və Yonca platformalarına
inteqrasiyası yekunlaşmaq üzrədir", - deyə o vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
