Bakı. Trend:
Dayanıqlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli iqtisadi və sosial faydaların təmin edilməsi üçün vacibdir.
Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Nazir bildirib ki, məhz bu yanaşma əsasında Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa prosesinə başlayıb:
“Bütün şəhərlər, qəsəbələr və kəndlər sıfırdan dayanıqlılıq, ağıllı idarəetmə, yaşıl enerji, iqlim dayanıqlılığı və insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur.
Bu proses yalnız evlərin və yolların tikintisi deyil. Söhbət iqtisadi artım, bağlantı və insan inkişafı mərkəzlərinin formalaşdırılmasından gedir.
Eyni zamanda, münaqişədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və məskunlaşma layihələri Azərbaycanın sülh gündəliyinə sadiqliyinin açıq göstəricisidir”.
C.Bayramov xüsusilə vurğulayıb ki, Azərbaycan keçmiş münaqişə zonasına 15 milyard dollara yaxın investisiya yatırmaqla regionda qarşıdurma səhifəsini bağlamaqda səmimi maraqlı olduğunu nümayiş etdirib:
“Başqa sözlə, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa işləri həm də sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
Bu, zorakılıq dövrünü geridə qoyaraq daha firavan və dayanıqlı gələcək qurmaq strategiyasıdır”.
