Siyasi iradə və birgə fəaliyyət dayanıqlı mənzil həllərini yaratmağa kömək edəcək - BMT ali komissarı

İqtisadiyyat Materials 19 May 2026 13:01 (UTC +04:00)
Siyasi iradə və birgə fəaliyyət dayanıqlı mənzil həllərini yaratmağa kömək edəcək - BMT ali komissarı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Siyasi iradə və birgə fəaliyyətin olduğu təqdirdə, biz dünyanın istənilən yerində insanlar üçün dayanıqlı mənzil həlləri yarada bilərik.

Trend xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoq zamanı etdiyi videomüraciətdə bildirib.

“Bu gecə milyardlarla insan təhlükəli, sağlamlıq üçün zərərli və ya əlindən alına biləcək evlərdə gecələyəcək. Bütün qitələrdəki şəhərlərdə insanlar məcburi köçürülmələrlə, yaşayış xərclərinin sürətlə artması və əlçatan mənzil çatışmazlığı ilə üzləşirlər. Evsizlərin sayı artır. Genişmiqyaslı inkişaf layihələri milyonlarla insanın başqa yerlərə köçməsinə səbəb olur. İqlim böhranı ailələri öz evlərini tərk etməyə məcbur edir və onların gəlir mənbələrini məhv edir. Münaqişə zonalarında isə insanlar qaçmağa və illərlə son dərəcə qeyri-sabit şəraitdə yaşamağa məcbur qalırlar”, -deyə o bildirib.

Türkün sözlərinə görə, mənzil böhranından ən çox yoxsulluq şəraitində yaşayan insanlar, eləcə də qadınlar və qızlar daxil olmaqla ən marjinallaşmış əhali qrupları əziyyət çəkir.

“Bərabərsizlik həm ölkələr arasında, həm də ölkələrin daxilində dərinləşir. Sizlərin çoxu bu reallığı öz şəhər və icmalarınızda şəxsən görürsünüz”, — deyə o qeyd edib.

Ali komissar vurğulayıb ki, mövcud çağırışların miqyasına baxmayaraq, həmrəylik, yaradıcı həllər və insan hüquqlarına sadiqlik sayəsində beynəlxalq ictimaiyyətin buna reaksiya imkanları genişlənir.

“Bəzi şəhərlər insanları prioritetə çevirən siyasət sayəsində əhəmiyyətli irəliləyiş əldə edir”, — deyə Türk bildirib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti