Azərbaycan fiber-optik bağlantı layihələri üzərində işləyir - Ceyhun Bayramov

Telekommunikasiya Materials 19 May 2026 14:02 (UTC +04:00)
Azərbaycan fiber-optik bağlantı layihələri üzərində işləyir - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın baxışı yalnız ənənəvi nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Biz yaşıl enerji dəhlizləri, bərpa olunan enerji ötürmə sistemləri, enerji saxlama infrastrukturu və “Digital Silk Way” təşəbbüsü daxil olmaqla qabaqcıl fiber-optik bağlantı layihələri üzərində də işləyirik.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazirin sözlərinə görə, məqsəd Avropa ilə Asiya arasında yeni telekommunikasiya dəhlizi yaratmaqdır:

“İnanıram ki, aidiyyəti nazirlər və digər həmkarlarım çıxışlarında bu layihələr barədə daha ətraflı məlumat verəcəklər”.

Ceyhun Bayramov çıxışının sonunda qeyd edib ki, Azərbaycan şəhərləri dayanıqlı bağlantı, iqtisadi inkişaf, dayanıqlılıq və regional əməkdaşlığın mərkəzinə çevirən dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlığı təşviq etməyə davam edəcək.

“Biz inanırıq ki, güclü sərhədlərarası əməkdaşlıq, uyğun siyasət çərçivələri və inteqrasiya olunmuş şəhərsalma vasitəsilə şəhərlər yalnız ticarət və inkişaf mərkəzi deyil, həm də sülh, dayanıqlılıq və ortaq rifahın əsas platformasına çevrilə bilər”, - deyə o xüsusi sessiyadakı çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti