Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Toxunuş və hisslər şəhəri” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, tədbir görmə məhdudiyyətli şəxslər üçün şəhər mühitinin əlçatanlığı mövzusuna həsr olunub və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı sosial inkişafına dəstək” İctimai Birliyi tərəfindən təşkil edilib.
Tədbirin məqsədi görmə məhdudiyyətli şəxslər üçün şəhər mühitinin əlçatanlığı problemlərinə diqqət çəkmək, əlçatan şəhər infrastrukturunun əhəmiyyətini müzakirə etmək, həmçinin innovativ həlləri təqdim etmək və inklüziv şəhərsalma sahəsində ictimai məlumatlılığı artırmaq olub.
Tədbirdə ADA University Biznes Məktəbinin hüquq və biznes professoru Elnur Eyvazov və WUF13 çərçivəsində yaradılmış əməliyyat təşkilatının əlçatanlıq məsələləri üzrə mütəxəssisi Elman Süleymanov çıxış ediblər. Onlar süni intellekt texnologiyalarının görmə məhdudiyyətli şəxslərin informasiya məkanına çıxış imkanlarının genişləndirilməsindəki rolundan, müasir assistiv həllərin abilitasiya və reabilitasiya proseslərinə təsirindən, həmçinin bu sahədə texnoloji inkişaf perspektivlərindən danışıblar.
Çıxışlar zamanı WUF13-ün Azərbaycanda keçirilməsinin şəhərsalma və əlçatanlıq sahəsində təcrübə mübadiləsi, dünya praktikasının öyrənilməsi, eləcə də yeni peşəkar əlaqələrin və əməkdaşlığın qurulması üçün beynəlxalq platforma kimi əhəmiyyəti qeyd olunub.
Təqdimat çərçivəsində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi, 15 yaşlı Samirə Cəfərli “Ağıllı taktil cığır” və "Tacto Color" layihələrini təqdim edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
Xəbər yenilənir
